ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Ford Motor" şirkətinin sabiq rəhbəri Alan Malallinin dövlət katibi postuna namizədliyini irəli sürə bilər. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Daha öncə D.Trampın keçid komandasının nümayəndəsi bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti A.Malalli və Aydahodan konqresmen Raul Labradorla görüşüb.
Bundan başqa Tramp ABŞ-ın əmək naziri postuna “fast-fud” sahəsində fəaliyyət göstərən sahibkar Endi Pazderin namizədliyini irəli sürüb. Bu barədə D.Trampın qərargahının yaydığı məlumatda bildirilir.
“Pazder minlərlə amerikalıya karyera quraraq inkişaf elətdirib və məhz işçilər uğrunda mübarizə təcrübəsi onu Əmək Nazirliyinin rəhbəri postuna ən ideal namizəd edib”, - deyə Tramp bildirib.
O, Pazderin ədalətli əmək standartlarının reallaşdırılması yolu ilə amerikalıların firavanlığını və təhlükəsizliyi naminə mübarizə aparacağına, habelə insanlara layiq olduqları imtiyazların verilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirib.
Tramp, həmçinin, Pazderin kiçik biznesi vacib olmayan nizamlaşdırıcı normalardan qoruyacağını qeyd edib.
Pazder, öz növbəsində, Amerikanın dünyada iqtisadi liderliyinin bərpa olunmasında yeni seçilmiş prezidentə yardım edəcəyini vəd edib.
Puzder Trampın özəl sektordan komandasına cəlb etmək istədiyi dördüncü şəxsdir.
Qeyd edək ki, Endi Pazder “Carl's Jr.” və “Hardee's” fast-fud mağazalar şəbəkəsinin sahibi olan “CKE Restaurants Holdings” şirkətinə rəhbərlik edir.
D.Trampın inauqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.