Türkiyə parlamentinin vitse-spikerinin Almaniyada saxlanması iki ölkə arasında gərginliyə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, Almaniya səfəri zamanı çantası oğurlanan və buna görə, müvəqqəti pasport alan vitse-spiker Ayşe Nur Bahçekapılı polis əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, saatlarla Kölin aeroportunda saxlanıb. Bu vəziyyət isə Türkiyənin sərt reaksiyasına səbəb olub.
Hadisədən dərhal sonra Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.
Vitse-spikerə bu cür münasibətə prezident Rəcəb Tayyib Ərdoğanın da reaksiyası çox sərt olub: "Terrorçunu qəbul edib ölkəndə qonaq edirsən, qarşılayırsan, amma bu ölkənin TBMM müavinini və heyətini orada qapıda saatlarla gözlədirsən. İndi bunlara qarşı eyni addımı atmayaqmı? Ondan sonra Ərdoğan olur “diktator”. Sən vitse-spikerə, bir qadın deputata bu cür səhvi etsən, sənin polisin bunu etsə, buna eynisilə qarşılıq vermək lazımdır. Türkiyə də buna cavab verəcək, vermək məcburiyyətindədir".