Avropa Birliyi (AB) Suriyadakı sülh razılaşması üçün Bəşər Əsəd rejiminə pul təklif edib. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə “The Times” qəzeti çıxış edib.
Qəzet yazır ki, AB Suriyadakı vətəndaş müharibəsinin nəticələrini öz lehinə çevirmək üçün Əsəd rejiminə pul təklif edib. Ancaq Hələbdəki son qarşıdurmalar AB-nin Suriya planını alt-üst edib. ABŞ isə Suriya müzakirələrində arxa planda qalıb.
İki həftə əvvəl müxalifət liderlərilə bir araya gələn AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini bütün tərəflər üçün maddi yardım sözü verib. Qeyd edilir ki, AB-nin bu təklifi Suriyada siyasi həlli nəzərdə tutan BMT qərarları ilə də üst-üstə düşür. Suriya müxalifəti ABŞ, İngiltərə və Fransanın da dəstəklədiyi bu planın, Əsədin getməsi mənasını gəldiyini deyir. Ancaq bu siyasi həll variantının təxirə salınması ehtimalı olduğu bildirilir.
AB-nin bu təkliflərində Suriyada iqtidarın yerli qüvvələrlə əvəzlənməsi nəzərdə tutulur. Bu isə müxaliflərin yerli təhlükəsizlik orqanlarına inteqrasiya mənasını verir. Hələlik ölkədə mərkəzi hökumət dəyişməyəcək, proses tədricən həyata keçiriləcək. Bu təklifdə Əsədin gələcəyi hələlik müzakirə edilmir.
Suriya müxalifətindəki bir mənbə qəzetə deyib ki, Mogerini qarşıdurmaları dayandırmaq üçün AB-nin yeni planını təqdim etmək istəyir. Bu plan keçid prosesini ehtiva edir, ancaq onun detalları hələlik açıqlanmır. Bütün tərəflər bu planı qəbul etsə, AB onun reallaşması üçün böyük maliyyə də ayıracaq. Qəzet avropalı diplomatların planı öz aralarında müzakirə etdiyini və dəstəkləndiyini də yazır. Çünki AB, Suriya böhranının həll edilməsini və bu ölkədən gələn qaçqınların geri göndərilməsini istəyir.