Yanvarın 21-dən ABŞ prezidenti postunu tutacaq Donald Tramp diplomatik icraatları ilə indidən gündəmdən düşmür. Bu dəfə isə o, ölkəsinin Çinlə ticarət siyasətinə yenidən baxılacağı açıqlaması ilə gündəmə gəlib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Tramp özünün twitter hesabında Çin mallarına vergi tətbiq olunacağını yazmaqla 3 gündür məzənnəsi artan yuanın kəskin ucuzlaşmasına səbəb olub. Tramp yazıb ki, ABŞ Çin mallarını vergiyə cəlb etmədiyi halda ölkəsinin mallarına bu ölkədə yüksək vergi tətbiq olunur, üstəlik, bu ölkənin apardığı maliyyə siyasəti nəticəsində Çindəki Amerika şirkətlərinin rəqabət qabiliyyəti aşağı enib.
Qeyd edək ki, Buş və Obama dönəmində ABŞ Çin mallarını tamamən vergidən azad edib. İndi isə yoxsul təbəqənin daha ucuz bazara əlçatanlığını təmin etməyi nəzərdə tutan bu siyasətin sona çatdığı bildirilir. Belə ki, Tramp vergiləri yüzdə 45-ə qaldırmaq istəyir. Ekspertlər isə bunun ÜÜT-nin narazılığına yol açacağını bildirir.