Kuba xalqının 25 noyabrda dünyasını dəyişən Fidel Kastro ilə vida mərasimləri başa çatdı.
Baki-xeber.com xəbər verir ki, 9 günlük vida mərasimlərinə mərhumun külünün Santyaqo şəhərinə çatdırılması ilə son verilib. Ardınca isə Kuba inqilabının liderinin vəsiyyəti açıqlanıb. Qardaşı Raul Kastronun verdiyi məlumata görə, 90 yaşlı lider ölkənin heç bir yerində heykəl və büstlərinin qoyulmaması, adının küçə və meydanlara, institutlara verilməməsini vəsiyyət edib.
Fidel Kastro bu istəyini ölkədə şəxsiyyətə pərəstiş presedentinin yaranmasını istəməməsilə izah edib. Raul Kastro qardaşının vəsiyyətinin təsdiq olunması üçün bu həftə parlament səsverməsinə çıxarılacağını bildirib.