ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü Tayvan rəhbəri Tsay İnvenə zəng edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The New York Times” qəzeti yazıb. Xəbərə görə, Trampın Tsay İnvenlə telefon danışığında ölkəsi ilə Tayvan arasında iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq olduğu diqqətə çatdırılıb. Xəbərdə diqqət yetirilən əsas məqam isə prezidentin telefon əlaqəsini Ağ Evlə razılaşdırmamasıdır. Belə ki, bildirildiyinə görə, 1979-cu ildən bu yana heç bir seçilmiş Amerika prezidenti Tayvan lideri ilə əlaqə saxlamayıb.
Beləliklə də yeni prezidentin son hərəkəti Ağ Evdə ciddi narazılıq yaradıb. Bildirilir ki, bu telefon görüşməsi Vaşinqton-Pekin əlaqələrinə ciddi zərbə vurmaq iqtidarındadır.
Hələlik Pekin məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, generalissimus Çan Kayşinin tərəfdarları 1949-cu il vətəndaş müharibəsində məğlub olduqdan sonra ən iri Çin adasına qaçaraq orada öz idarəçiliyini qurub. Lakin rəsmi Pekin adanı Çinin əyalətlərindən biri hesab edir.