“Bentley” şirkətinin regional direktoru Riçard Leopold Marbelyada keçirilən mükafatlandırma mərasimində maraqlı bir statistika paylaşıb. Onun sözlərinə görə, beş ildir Rusiya ilə qızğın münaqişədə olan və yalnız Avropa və Amerikanın köməyi ilə yaşaya bilən Ukrayna, ultra lüks avtomobil satışlarında Avropada üçüncü yeri tutub.
“Bentley”nin mükafatlandırma mərasimində açıqlanan məlumatlara görə, Avropada ən çox “Bentley” satılan şəhərlər arasında İtaliyanın Padua şəhəri (birinci), Niderlandın Rotterdam şəhəri (ikinci) və gözlənilmədən üçüncü yerdə Kiyev olub.
Ukraynada, 2025-ci il üçün nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarına görə, qiyməti 16,5-18,4 milyon qrivna arasında, yəni təxminən 400.000-450.000 dollar arasında olan 20 lüks avtomobil satılıb.
Şəhərin adını və üçüncü yeri göstərən slayd mərasimin foto arxivindən çıxarılıb. Lakin mükafatlandırma mərasiminin şəkilləri internetdə yayılıb. Bu detal sosial mediada geniş müzakirələrə səbəb olub.
Kiyevin bu reytinqə daxil edilməsi, Ukraynadakı müharibə şəraitinə baxmayaraq, ölkənin yuxarı gəlirli seqmenti arasında lüks istehlakının davam etdiyini göstərir.
İqtisadçılar bu vəziyyəti həm müharibə dövründə yaradılan sərvətin yenidən bölüşdürülməsi, həm də müəyyən seqmentlərin nağd aktivlərini avtomobillər kimi maddi aktivlərə çevirmək meyli ilə izah edirlər.
Tahir TAĞIYEV