Ermənistanın Baş naziri Nikol Paşinyana kilsədə hücuma cəhd edilib.
Ermənistan mediasının məlumatına görə, İrəvandakı Müqəddəs Anna kilsəsində ibadətdə iştirak edən Paşinyana iki nəfər yaxınlaşaraq, ona hücum etməyə cəhd edib.
Baş nazir mühafizəçiləri ilə birlikdə yaxınlaşarkən bir nəfər qışqıraraq "Mənə belə baxma!" deyərək Paşinyana hücum edib. Təhlükəsizlik işçiləri dərhal hərəkətə keçərək Paşinyanı saniyələr içində mühasirəyə alıblar. Onu arxadan yumruqlamağa çalışan Başqa bir nəfər isə təhlükəsizlik işçiləri tərəfindən tutularaq üzü üstə yerə yatırılıb. Paşinyanın ətrafındakıları "Sakit olun" deyərək sakitləşdirməyə çağırsa da, mühafizəçilər təhlükəsizlik koridoru yaradaraq Baş naziri kilsədən çölə çıxarıblar.
Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, şəxslər "xuliqanlıq və dövlət məmurunun qanuni vəzifələrinə və siyasi fəaliyyətinə müdaxilə" şübhəsi ilə saxlanılıblar.
Ermənistan mediası hadisə ilə bağlı üç nəfərin saxlandığını açıqlayıb. Paşinyan isə jurnalistlərə hücum edənlərin saxlanması əmrini onun vermədiyini və polisin səlahiyyətləri daxilində hərəkət etdiyini bildirib.
Tahir TAĞIYEV