ABŞ-İsrail ittifaqı ilə İran arasında davam edən müharibədə diqqət çəkən bir bir hadisə baş verib. Belə ki, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına raket və pilotsuz təyyarə hücumunun ABŞ-ın yüksək dəyərli hərbi təyyarələrini vurduğu aldığı ortaya çıxıb.
ABŞ və regional mənbələrə görə, hücum təxminən 700 milyon dollar dəyərində olan E-3 Sentry AWACS erkən xəbərdarlıq təyyarələrinə ciddi zərər vurub. Həmçinin yanacaq dolduran təyyarələrin zədələndiyi və 12 ABŞ əsgərinin yaralandığı bildirilir.
E-3 AWACS düşmən elementlərini aşkar etmək və qırıcı təyyarələri istiqamətləndirmək üçün geniş hava məkanını skan edən "uçan komandanlıq mərkəzi" kimi tanınır. Belə bir təyyarənin sıradan çıxarılması ABŞ-ın bölgədəki əməliyyat imkanları üçün kritik bir itki hesab olunur.
Hücum İranın ABŞ və müttəfiqlərinə qarşı birbaşa hərbi imkanlarını nümayiş etdirmək kimi şərh olunur. Digər tərəfdən, Şahzadə Sultan Hava Bazasının ABŞ üçün Yaxın Şərqdə ən vacib əməliyyat mərkəzlərindən biri olması hücumun strateji əhəmiyyətini daha da artırır. Ekspertlər bildirirlər ki, İran son zamanlar bazaları və enerji infrastrukturunu hədəf alan hücumlarla müharibənin gedişatını genişləndirib.
Qeyd edək ki, 28 fevralda başlayan müharibədə İran ABŞ və İsrail hədəflərini, eləcə də Körfəz ölkələrindəki bazaları hədəf almağa başlayıb. Eyni zamanda, Husilərin İsrailə hücumu münaqişəni daha geniş coğrafi əraziyə yayıb.
Bu arada, ABŞ bölgəyə minlərlə əsgər göndərərək hərbi mövcudluğunu artırır və Pentaqonun da mümkün quru əməliyyatlarını nəzərdən keçirdiyi bildirilir.
Tahir TAĞIYEV