Amerika mediası ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilə bağlı yeni bir iddia ortaya atıb. "Washington Post" qəzeti hökumət mənbələrinə istinadən, ABŞ Müharibə Nazirliyinin İranda həftələrlə davam edə biləcək mümkün quru əməliyyatına hazırlaşdığı bildirir.
Planların müharibədə "yeni bir mərhələ" başlada biləcəyini bildirən mənbələr, bunun son dörd həftədəki qarşılıqlı hücumlardan daha təhlükəli ola biləcəyini əlavə ediblər.
Hər hansı bir quru əməliyyatının tammiqyaslı işğaldan fərqlənəcəyini bildirən rəsmilər, əməliyyatda xüsusi təyinatlı qüvvələrin də iştirak etdiyi basqınların ola biləcəyini qeyd ediblər.
Bunun yol aça biləcəyi təhlükələrə diqqət çəkən mənbələr mənbələr vurğulayıblar ki, quru əməliyyatı ABŞ əsgərlərini "pilotsuz təyyarə və raket hücumlarına və əldəqayırma partlayıcı qurğulara" məruz qoya bilər.
Pentaqonun İranın neft ixrac mərkəzi olan Xarq adasını hədəf alan əməliyyatları və Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərinə basqınları variant kimi nəzərdən keçirdiyi bildirilir. Bəzi rəsmilər mümkün quru əməliyyatının "bir neçə həftə", digərləri isə bunun "bir neçə ay" çəkə biləcəyini bildiriblər.
Ağ Evin sözçüsü Karolin Livitt iddialarla bağlı qəti şərh verməkdən imtina edib: "Baş Komandana mümkün olan ən geniş seçim variantlarını təqdim etməyə hazırlaşmaq Pentaqonun vəzifəsidir. Bu, Prezidentin qərar verdiyi anlamına gəlmir."
Tahir TAĞIYEV