İraqın şimalında Kərkük Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb. Hava hücumunda İran dəstəkli Haşdi Şabiyə məxsus bir yerin hədəf alındığı bildirilir.
Bölgədəki təhlükəsizlik mənbələri hadisənin sıradan bir hücum olmadığını, birbaşa kəşfiyyat bölmələrinin hədəf alındığını vurğulayıblar.
"Hücumda üç idarə olunan raketdən istifadə edilib və Haşdi Şabinin kəşfiyyat qərargahı dəqiqliklə vurulub. Bu obyekt hava limanı ərazisində yerləşsə də, əsas infrastrukturdan hündür divarlarla ayrılıb" – deyə “Shafaq News”a danışan yüksək vəzifəli təhlükəsizlik rəsmisi bildirib.
Bu arada, İraq Kürdüstan Regional Hökumətinin (KRH) prezidenti Neçirvan Bərzaninin Duhokdakı evi də bombalı hücuma məruz qalıb. Hücumdan sonra İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani Bərzaniyə zəng edərək hadisə ilə bağlı araşdırmanın başlandığını bildirib.
Sudani hücumu qətiyyətlə pisləyən və onu "ədalətsiz" adlandıran bir açıqlama yayıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri cinayətkarları müəyyən etmək üçün hərtərəfli araşdırmaya başlayıb.
Hücumda ölən və ya yaralananlarla bağlı hələlik rəsmi açıqlama yoxdur.
Hücumu kimin həyata keçirdiyi hələlik açıqlanmır…
Tahir TAĞIYEV