İran-İsrail-ABŞ münaqişəsi səngimədən davam etdiyi bir vaxtda İsraildə hərbi böhran yaranıb. İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail Baş Qərargah rəisi Eyal Zamir təhlükəsizlik kabinetinin iclasında nazirlərə xəbərdarlıq edib.
İrana hücumlarını davam etdirən və Livana quru hücumu həyata keçirən İsrail ordusundakı ağır kadr böhranını dilə gətirən Zamir xəbərdarlıq edib ki, ordu daxildən çökə bilər: "Daha çox kadr və əsgərə ehtiyacımız var, həll yolu tapılmazsa, ordu daxildən çökəcək".
İclasda iştirak edən digər yüksək vəzifəli İsrail hərbi rəsmiləri də missiyaların artması fonunda əsgərlərin sayının azaldığını bildiriblər.
İran və Livana hücumlarını davam etdirən İsrail hərbi rəsmiləri Qəzza zolağının yarısının işğalı və işğal olunmuş Qərb Şəriyəsində yeni salınan yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkərək personal çatışmazlığının yarandığını bildiriblər.
Hərbi rəsmilər məcburi hərbi xidmət müddətinin uzadılması qərarının ləğv edildiyini xatırladıblar.
Baş Qərargah rəisi Zamirin xəbərdarlığına reaksiya verən Baş naziri Benyamin Netanyahu məcburi hərbi xidmət qanunu və yəhudilər tərəfindən müqəddəs hesab edilən Pasxa bayramından sonra xidmət müddətinin uzadılması məsələsini müzakirə edəcəklərini bildirib.
Xarici İşlər və Müdafiə Komitəsinin hüquq məsləhətçisinin ultra-ortodoks yəhudilərin (Haredi) hərbi xidmətə çağırılması ilə bağlı məcburi hərbi xidmət qanununun yumşaldılmasına qarşı çıxmasına toxunan Netanyahu deyib ki, onun işi məsləhət verməkdir, amma qərarları biz veririk.
Kabinet katibi Yossi Foks da Zamirə Pasxa bayramından dərhal sonra məcburi hərbi xidmət qanunu və xidmət müddətinin uzadılması məsələsini birlikdə nəzərdən keçirəcəklərinə söz verib.
Digər tərəfdən, İsrail Ordusunun sözçüsü Efi Defrin bildirib ki, İsrail ordusunda hazırda 15 min əsgər çatışmazlığı var, onlardan 8 mini döyüşçüdür.
Tahir TAĞIYEV