İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Səid İrəvani Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ), Səudiyyə Ərəbistanını, Qətəri və Küveyti ABŞ və İsrailin öz ərazilərindən və hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməkdə günahlandırıbi.
İrəvani BƏƏ, Səudiyyə, Qətər və Küveytlə bağlı BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərib.
Məktublarda bildirilir ki, İran Silahlı Qüvvələrinin monitorinqi və qiymətləndirmələrinə əsasən, ABŞ və İsrailin BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin ərazilərindən və hava məkanından qanunsuz hərbi əməliyyatlar üçün istifadə etməyə davam etdiyi müəyyən edilib.
Bu ölkələrdən mehriban qonşuluq prinsipinə riayət etmələri və ərazilərinin İrana qarşı istifadəsinin qarşısını almaları tələb olunur.
Qeyd edilir ki, qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq, İran öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün özünümüdafiə hüququ da daxil olmaqla bütün tədbirləri görmək hüququnu özündə saxlayır.
Tahir TAĞIYEV