Rusiyanın iki ən böyük neft terminalı – Ust-Luqa və Primorsk limanları Ukrayna dronlarının genişmiqyaslı hücumları səbəbindən neft və neft məhsullarının daşınmasını dayandırıb.
“Reuters” agentliyinin məlumatına görə, Finlandiya körfəzinin şimal və cənub sahillərində yerləşən limanlara pilotsuz uçuş aparatlarının hücumundan sonra güclü yanğın başlayıb. Finlandiya Parlamentinin Müdafiə Komitəsinin sədri Heiki Auto “Reuters”ə bildirib ki, martın 24-də Helsinki Hava Limanına enərkən Primorsk limanı yaxınlığında böyük qara tüstü sütunu görüb.
“Döyüşlərin bu qədər yaxında baş verməsi dramatikdir, lakin Finlandiyada təhlükəsizlik vəziyyəti dəyişməyib” – finlandiyalı diplomat bildirib.
Məlumat üçün bildirək ki, Primorskdan Helsinkiyə qədər olan məsafə 200 kilometrdən çoxdur.
Ust-Luqa limanındakı yanğına gəlincə, Leninqrad vilayətinin qubernatoru bu barədə məlumat yayıb, lakin ikinci limana edilən hücumdan bəhs etməyib. Daha sonra Ukraynanın Təhlükəsizlik Xidməti Ust-Luqaya zərbənin uğurlu olduğunu bəyan edib. Həmçinin, Ukraynanın xüsusi xidmət orqanlarında Primorsk limanından 50 kilometr aralıda Viborq zavodunda yerləşən rus buzqıran gəmisinə hücum etdiklərini bəyan ediblər.
“Reuters”in mənbələrinə əsasən, 2025-ci ildə Ust-Luqa limanından 32.9 milyon ton, Primorskdan isə 16.8 milyon ton neft məhsulları ixrac edilib. “Reuters” qeyd edir ki, Baltik dənizi limanlarına dronlarla edilmiş hücum dörd illik müharibə ərzində Rusiyanın neft ixracı infrastrukturuna vurulan ən əhəmiyyətli zərbələrdən biri hesab olunur.
Tahir TAĞIYEV