Bir neçə gün əvvəl vəfat edən bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyadan sonra bu vəzifəni kimin tutacağı geniş müzakirə olunur. Gürcüstanda media, QHT-lər, kilsə xadimləri və sair müxtəlif şəxslərin adlarını hallandırırlar. Bəziləri isə iddia edir ki, II İliya onun yerini tutacaq şəxsin adını vəsiyyətnaməsində yazıb. Bunun əksi olaraq mərhum patriarxın vəsiyyətnaməsində heç kəsin adının qeyd edilmədiyi də vurğulanır. Patriarxlığa namizədlərlə bağlı qızğın müzakirələr getdiyi bir vaxtda Gürcüstanın baş naziri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində bildirib ki, Gürcüstanda patriarxın seçilməsi prosesi tam müstəqil olmalıdır. Kobaxidzenin sözlərinə görə, yeni patriarxın seçilməsi məsələsi tam şəkildə Müqəddəs Sinodun səlahiyyətindədir və qərarı da məhz bu qurum qəbul etməlidir. O vurğulayıb ki, hakimiyyət prosesə müdaxilə etmir və etməməlidir. Kobaxidze qeyd edib ki, eyni yanaşmanı müxalif qüvvələrə aid etmək mümkün deyil. Onun sözlərinə görə, bəzi siyasi opponentlər, media qurumları və qeyri-hökumət təşkilatları artıq bu mövzuda kampaniyaya başlayıblar. Qonşu ölkənin baş nazir bildirib ki, patriarx seçimi ilə bağlı prosesə müdaxilə cəhdləri qeyri-sağlam haldır və bu, kilsəyə münasibəti göstərir. O, ictimaiyyətə çağırış edərək, hər kəsi bu məsələdən uzaq durmağa səsləyib. Kobaxidze həmçinin müxalifləri patriarx institutunun rolunu kiçiltməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu cür yanaşma əvvəlki illərdə də müşahidə olunub və hazırda da davam edir. Kobaxidze bir daha vurğulayıb ki, patriarxın seçilməsi prosesi tam müstəqil olmalı və bu məsələ ilə bağlı bütün qərarlar yalnız Müqəddəs Sinod tərəfindən verilməlidir. Qeyd edək ki, bütün Gürcüstanın katolikos-patriarxı II İliya 93 yaşında vəfat edib. O, martın 22-də Sioni patriarxlıq kilsəsində dəfn olunub.
İradə SARIYEVA