Yüksək vəzifəli bir İran rəsmisinin sözlərinə görə, Pakistan ABŞ-ın müharibəyə son qoymaq təklifini İrana çatdırıb və potensial danışıqlar ya Pakistanda, ya da Türkiyədə keçirilə bilər.
Reuters agentliyinə danışan İran mənbəsi bildirib ki, Tehranla Vaşinqton arasında müharibəyə son qoymaq üçün danışıqların yeri hələ müəyyən edilməyib.
ABŞ tərəfindən təklif edilən plan qəbul edilərsə, liderlərin və ya yüksək səviyyəli nümayəndə heyətlərinin görüşəcəyi "Böyük Zirvə"nin ya Türkiyədə, ya da Pakistanda keçirilməsi gözlənilir. Məsələnin həssaslığı səbəbindən anonimlik istəyən mənbə təklifin təfərrüatlarını açıqlamayıb.
Adı açıqlanmayan Pakistan mənbələri də ABŞ və İran arasında danışıqlarla bağlı 48 saat ərzində bir addımın atılacağını bildiriblər. Bildirilib ki, "zəmanət axtarışında olan" İran raket istehsalının məhdudlaşdırılmasını rədd edərək kompensasiya tələb edir: "Danışıqlar üçün 48 saat ərzində bir addım atılacağı gözlənilir".
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Harun Armağan “Reuters” açıqlamada Türkiyənin üzərinə götürdüyü vacib rolu ilk dəfə açıq şəkildə ifadə edib. Armağan bildirib ki, Ankara Vaşinqton və Tehran arasında "mesajlar çatdırmaq" vəzifəsini yerinə yetirir, əsas məqsədi gərginliyi azaltmaq və tərəfləri birbaşa danışıqlar masasına gətirməkdir.
Tahir TAĞIYEV