Yaxın Şərqdə artan gərginlik İraqın təhlükəsizlik siyasətində yeni bir dövrün başlanğıcını qoyub. İraq hökuməti artan hava hücumlarından sonra kritik bir qərar qəbul edib. İran dəstəkli Haşdi Şabi və təhlükəsizlik qüvvələrinə hücumlara qarşı özünümüdafiə məqsədilə cavab vermək səlahiyyəti verilib.
Son hücumlardan sonra Baş nazir Məhəmməd Şiə Sudaninin sədrliyi ilə keçirilən İraq Milli Təhlükəsizlik Şurası fövqəladə iiclasında ABŞ və İsrailin İrana yaxın qrupları hədəf alan hücumlarının İraqa təsiri müzakirə olunub. Rəsmi açıqlamada müharibə və sülhlə bağlı qərarların yalnız dövlətin səlahiyyətində olduğu və heç bir qrupun bu səlahiyyətdən istifadə etməsinə icazə verilməyəcəyi vurğulanıb.
Şura ölkənin suverenliyinin pozulmasını qətiyyətlə pisləyərək, İraqı münaqişədən uzaq tutmağın əsas məqsəd olduğunu bildirib.
İclasın ən diqqətəlayiq qərarı təhlükəsizlik qüvvələrinə verilən yeni səlahiyyət olub. Şuranın qərarına görə, İranla yaxın əlaqələri ilə tanınan Haşd Şabi qüvvələri və İraq təhlükəsizlik qüvvələri onlara qarşı hücumlara "özünümüdafiə" məqsədilə birbaşa cavab verə bilərlər. Açıqlamada həmçinin bu qrupların milli təhlükəsizlik sisteminin bir hissəsi olduğu, lakin qanundan kənar hərəkət etmələrinə icazə verilməyəcəyi xüsusi olaraq vurğulanıb.
Tahir TAĞIYEV