ABŞ prezidenti Donald Tramp ölkəsinin "İranın ən hörmətli" şəxsi ilə görüşdüyünü və İranın ABŞ-a müraciət edərək danışmaq istədiyini bildirdiyini deyib. Tehran administrasiyası isə Trampın bu iddialarını rədd edərək ABŞ-la heç bir danışıqlar aparmadıqlarını bildirib. ABŞ və İran arasında danışıqlarla bağlı qeyri-müəyyənlik davam edərkən, ABŞ-ın Demokrat senatoru Kris Van Hollendən diqqət çəkən bir açıqlama gəlib.
Van Hollen, Trampın İranın ABŞ-la danışıqlar apardığı və onun tələblərini qəbul etməyə hazır olduğu iddialarının yalan olduğunu deyib.
Senator Hollen həmçinin Trampın İranın enerji infrastrukturunu hədəf almaq təhdidinə toxunaraq bildirib ki, belə bir addım "beynəlxalq hüquqa zidd" ola bilər. Bu vəziyyətin "potensial müharibə cinayəti" təşkil edə biləcəyini vvurğulayan Van Hollen, "müharibə cinayətləri törədənləri məsuliyyətə cəlb edəcək sistemlərə" ehtiyac olduğunu deyib.
Tramp dünən İranla "çox yaxşı" və "məhsuldar" danışıqlar aparıldığını bildirib və İranın enerji infrastrukturuna hücumlarda beş günlük fasilə elan etdiyini deyib.
“Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdəki düşmənçiliyimizin tam və qəti şəkildə həlli ilə bağlı çox yaxşı və məhsuldar müzakirələr aparıblar. Bu dərin, ətraflı və konstruktiv müzakirələrin tonuna və atmosferinə əsaslanaraq, davam edən görüşlərin və müzakirələrin uğurundan asılı olaraq, Müharibə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hər hansı bir hərbi hücumu beş gün müddətinə təxirə salmağı tapşırdım” – deyə Tramp bildirib.
İran rəsmiləri ilə danışdığını deyən Tramp onların kimliyini açıqlamayıb. İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Trampın danışıqların keçirildiyi barədə açıqlamasını rədd ediblər.
Tahir TAĞIYEV