ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə davam edir. İran dövlət televiziyası Birgə Hava Hücumundan Müdafiə Qərargahının açıqlamasına istinadən bildirib ki, ölkənin cənubunda düşmənin daha bir F-15 qırıcı təyyarəsi vurulub.
İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən yer-hava raket sistemləri ilə vurulan təyyarə Fars körfəzindəki Hörmüz adası yaxınlığında qəzaya uğrayıb və təyyarənin taleyi ilə bağlı araşdırma aparılır.
Ancaq nə ABŞ, nə də İsrail F-15-in vurulması iddiası ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İran 19 martda ABŞ-ın F-35 təyyarəsini, dünən isə İsrailin F-16 təyyarəsini vurduğunu elan edib. ABŞ ordusu İranın hədəf aldığı F-35 təyyarəsinin region ölkələrindən birindəki bazaya "sərt eniş" etdiyini, İsrail isə dünən bir F-16 təyyarəsinin İranda hədəfə alındığını, lakin zədələnmədiyini iddia edib.
Tahir TAĞIYEV