ABŞ-İsrail-İran münaqişəsi artıq dörd həftədir davam edir. ABŞ və İsrail İrana hücumlarını davam etdirərkən, Tehran da qonşu ölkələrdəki ABŞ bazalarını və enerji resurslarını hədəf almağa davam edir. İran bəzən qonşu ölkələrə edilən müəyyən hücumlara görə, “biz etmədik” deyərək məsuliyyəti rədd edir.
Müharibənin başlanmasından on gün sonra Bəhreynə edilən hücumun İran tərəfindən həyata keçirilmədiyi irəli sürülüb. “Reuters” agentliyinin əldə etdiyi akademik tədqiqatçıların təhlilə görə, İranla müharibənin başlamasından 10 gün sonra ABŞ-ın müttəfiqi Bəhreyndə onlarla mülki şəxsin yaralanmasına və evlərin dağılmasına səbəb olan sübh partlayışında istifadə edilən raket ABŞ-ın idarə etdiyi “Patriot” hava hücumundan müdafiə batareyası tərəfindən atılmış ola bilər.
Bəhreyndə uşaqlar da daxil olmaqla 32 nəfərin yaralanması ilə nəticələnən hücumda İran günahlandırılıb. Hücumun edildiyi gün ABŞ Mərkəzi Komandanlığı özünün X hesabından verdiyi açıqlamada İran pilotsuz təyyarəsinin Bəhreyndə yaşayış məntəqəsinə zərbə endirdiyini bildirib.
Ancaq “Reuters” agentliyinin suallarına cavab olaraq, Bəhreyn ilk dəfə olaraq paytaxt Manama sahillərində, neft emalı zavodunun yerləşdiyi Sitra adasındakı Mahazza məhəlləsində baş verən partlayışda “Patriot” raketinin istifadə edildiyini etiraf edib.
Nə Bəhreyn, nə də Vaşinqton Mahazza hadisəsində İran pilotsuz təyyarəsinin iştirak etdiyinə dair heç bir dəlil təqdim etməyiblər.
Ucuz dronları vurmaq üçün istifadə edilən qabaqcıl müdafiə texnologiyaları və raketlər bəzən böyük ziyana və itkilərə səbəb olur.
Tahir TAĞIYEV