ABŞ sanksiyalara baxmayaraq, hazırda dənizdə olan İran neftinin məhdud müddətə satışına icazə verib.
Maliyyə naziri Skott Bessent hazırda gəmilərə yüklü və sanksiyalar altında olan İran neftinin satışına icazə verən qısamüddətli ümumi lisenziyanın verildiyini açıqlayıb.
Bessent, qlobal enerji tələbatını artırmaq və qiymətləri aşağı saxlamaq üçün ABŞ-ın iqtisadi gücünü işə saldıqlarını deyib.
Sanksiyalar altında olan neftin, xüsusən də Çin tərəfindən ucuz şəkildə alındığına toxunan Bessent qeyd edib ki, bazara 140 milyon barel neftin buraxılması təchizat təzyiqini azaldacaq.
Nazir Vaşinqtonun yeni strategiyasını da açıqlayıb: "Epik Qəzəb” əməliyyatını davam etdirməklə yanaşı qiymətləri aşağı saxlamaq üçün İranın neftini Tehranın özünə qarşı istifadə edəcəyik".
Lisenziyanın detalları da açıqlanıb. Sözügedən icazə yalnız 20 mart saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş xam neft və məhsulları əhatə edir. Yeni alış və ya istehsala qəti şikildə icazəvvverməyəcəklərini deyən Bessent əlavə edib ki, İran bu satışdan əldə edilən gəlirdən istifadə etməkdə böyük çətinliklərlə üzləşəcək.
ABŞ-ın beynəlxalq maliyyə sisteminə çıxış üçün maksimum təzyiqi davam etdirdiyini bildirən nazir, bu müvəqqəti icazənin 19 aprelə qədər qüvvədə olacağını bildirib.
Tramp administrasiyasının enerji gündəliyinin dünyada güc balansını dəyişdirdiyini vurğulayan Bessent, ABŞ-ın neft və təbii qaz istehsalında misli görünməmiş rekord səviyyələrə çatdığını xatırladıb. Qlobal bazarlara indiyə qədər əlavə 440 milyon barel neft tədarük etdiklərini bildirən nazir, bu addımla enerji qiymətlərini tamamilə nəzarətə götürdüklərini iddia edib.
Tahir TAĞIYEV