İranın xarici işlər naziri Abbas Arakçi Fransa prezidenti Makronun enerji obyektlərinə hücumlarla bağlı çağırışına ikiüzlülük adlandırıb. Arakçi Makronun İsrail və ABŞ-ın İrana hücumları ilə bağlı susduğunu, İranın cavab hücumlarına reaksiya verdiyini bildirib.
Makronun ikili standartlar tətbiq etdiyini deyən Arakçi bildirib ki, Makron İsrail və ABŞ-ın İrana qarşı apardığı müharibəni qınayan bir kəlmə də danışmayıb: “O, İsrailin Tehranda yanacaq anbarlarını partlatması və milyonlarla insanın zəhərli maddələrə məruz qalması ilə bağlı qınamadı. Onun hazırkı "narahatlığı" İsrailin qaz obyektlərimizə hücumundan sonra deyil, cavab tədbirlərimizin ardından gəldi. Təəssüf ".
Arakçinin tənqid etdiyi paylaşımda Makron İran və Qətərdəki qaz istehsalı müəssisələrinə edilən hücumlardan sonra Qətər əmiri Şeyx Təmim bin Həmid Əl-Sani və ABŞ prezidenti Trampla danışdığını açıqlayıb. Həmin paylaşımda Makron bildirib: “Mülki infrastrukturu, xüsusən də enerji və su təchizatı müəssisələrini hədəf alan hücumların dərhal dayandırılması bizim ortaq maraqlarımıza uyğundur. Mülki əhalinin təhlükəsizliyi və onların əsas ehtiyacları, eləcə də enerji təchizatı hərbi eskalasiyadan qorunmalıdır”.
Tahir TAĞIYEV