İsrail və ABŞ-ın İrana hücumlarının 20-ci günündə Tramp administrasiyası maliyyə çətinlikləri ilə üzləşib.
ABŞ-ın yüksək vəzifəli rəsmisi "Washington Post" qəzetinə bildirib ki, Pentaqon İrandakı müharibə üçün 200 milyard dollardan çox büdcə tələb edib, lakin Ağ Ev rəsmiləri Müdafiə Nazirliyinin tələbinin Konqres tərəfindən təsdiqlənməsinin ehtimalının az olduğunu bildiriblər.
İrandakı müharibənin maliyyələşdirilməsi üçün 200 milyard dollardan çox məbləğin təsdiqlənməsi üçün addımlar atılıb, lakin tələb olunan məbləğin bu günə qədər hava hücumları üçün ayrılan büdcədən xeyli çox olduğu qeyd edilib.
Ağ Evin bəzi yüksək vəzifəli rəsmilərinin Konqres tərəfindən tələbin təsdiqlənməsi ehtimalına şübhə ilə yanaşdıqları bildirilir. Bildirilir ki, bu tələb, xüsusən də münaqişəyə qarşı çıxan Konqres üzvlərinin müqaviməti ilə qarşılaşacaq.
Vurğulanıb ki, ABŞ və İsrail son iki həftə ərzində yüzlərlə yeri hədəf almasından sonra ən çox istifadə edilən sursatların istehsalı təcili olaraq artırılmalıdır. Qeyd edilir ki, Pentaqonun ehtiyacları durmadan artır.
Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Müharibə Nazirliyinin İranla müharibənin maliyyələşdirilməsi üçün əlavə 200 milyard dollar tələbinə münasibət bildirib.
"Bu 200 milyard dollar aysberqin yalnız görünən hissəsidir. Adi amerikalılar ABŞ iqtisadiyyatına zərbə vuracaq trilyon dollarlıq "Öncə İsrail Vergisi"nə görə Benyamin Netanyahuya və onun Konqresdəki tərəfdarlarına təşəkkür edə bilərlər" - deyə iranlı nazir qeyd edib.
Tahir TAĞIYEV