Rusiya Baş nazirinin müavini Aleksandr Novak son vaxtlar ABŞ-ın enerji resursları ilə birbaşa əlaqəli ölkələrlə silahlı münaqişəyə başladığını bildirib.
Novak son 30-40 ildə dünyada baş verən müharibələrin əsasən enerji resursları ilə əlaqəli olduğunu deyib: "Məsələn, ABŞ-ın son vaxtlar başlatdığı silahlı münaqişələr, birbaşa bütün dünya üçün enerji baxımından önəmli və enerji resurslarına sahib ölkələrlə bağlıdır. Ən sonuncusu İrandır, ondan əvvəl İraq, Küveyt, Suriya, Liviya və oxşar ölkələr var idi".
Novak Yaxın Şərqdəki münaqişələr səbəbindən ən azı 20 milyon barel neft daşınmasının təsirləndiyini bildirib: "Bu gün məncə, son 40 ilin ən böyük enerji böhranını yaşayırıq. Hörmüz boğazında təsirlənən neft və neft məhsullarının miqdarı qlobal istehlakın təxminən 20 faizini təşkil edir".
Novak qeyd edib ki, regionda neft daşınmalarının dayandırılması qlobal ticarətin təxminən üçdə birinə də təsir göstərib. Qlobal təbii qaz bazarlarından da danışan Novak bildirib ki, qlobal təbii qaz istehsalının təxminən 20 faizi dünya bazarlarına çatdırıla bilmir.
ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirləri qlobal ticarət üçün vacib tranzit yollarından biri olan Hörmüz boğazından keçidlərin axsamasına və təchizatla bağlı narahatlıqlar yaradır və bu enerji qiymətlərinin artmasına səbəb olur.
Tahir TAĞIYEV