İranın cənubundakı Cənubi Pars təbii qaz yatağındakı bəzi neft emalı zavodları ABŞ-İsrail hücumlarında hədəfə alınıb. Hücumdan sonra İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Tengsiri ABŞ bazalarının və ABŞ-la əlaqəli neft obyektlərinin də hədəfə alınacağını bildirib.
İran prezidenti Pezeşkian İrandakı enerji obyektlərinə edilən hücumların bütün dünyaya təsir edən nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
İranın hücum təhdidindən sonra Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə partlayışlar eşidilib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin yazılı açıqlamasında Ər-Riyadı hədəf alan dörd ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq məhv edildiyi bildirilib.
İlkin qiymətləndirmələrə görə, heç bir xəsarət və ya ziyanın olmadığı bildirilən açıqlamada raketlərin mənbəyi ilə bağlı məlumat verilməyib.
Ancaq xarici media Səudiyyə paytaxtında güclü partlayışların olduğuna dair xəbərlər yayır.
Qətərdə isə qaz emalı zavodu vurulub. Qətər Daxili İşlər Nazirliyi İranın dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsal müəssisəsinin yerləşdiyi Ras Laffan bölgəsinə raket hücumu etdiyini açıqlayıb. Açıqlamada hücum nəticəsində yanğın baş verdiyi və mülki müdafiə qruplarının dərhal yanğınsöndürmə işlərinə başlamaq üçün əraziyə göndərildiyi bildirilib.
Dövlətə məxsus “Qatar Energy” şirkəti də Ras Laffanın ballistik raket hücumlarına məruz qaldığını bildirib. Hücumun sənaye zonasına böyük ziyan vurduğu və çoxsaylı yanğınlarla nəticələndiyi vurğulanıb.
Yanğının miqyası, itkilər və ya ziyan barədə ətraflı məlumat verilmir.
Tahir TAĞIYEV