Rusiyanın ABŞ və İsrailin hücumlarına qarşı İrana hərbi dəstəyi ilə bağlı yeni bir iddia ortaya atılıb. “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən Rusiyanın İranla kəşfiyyat paylaşımını və hərbi əməkdaşlığı genişləndirdiyini iddia edir.
Moskvanın, xüsusən də Rusiya Aerokosmik Qüvvələri tərəfindən idarə olunan peyklərdən əldə edilən dəqiq görüntüləri, hücum imkanlarını artırmaq üçün Tehranla paylaşdığı və həmçinin "Shahed" tipli pilotsuz uçuş aparatlarının (PUA) rabitə və naviqasiya sistemlərini təkmilləşdirmək üçün müasir komponentlərlə təmin etdiyi bildirilir. Məqsəd isə İranın rabitə, naviqasiya və hədəf alma imkanlarını artırmaqdır.
Həmçinin, Rusiyanın Ukraynada qazandığı sahə təcrübəsini İranla bölüşdüyü bildirilir. Yüksək vəzifəli avropalı bir kəşfiyyat rəsmisi iddia edib ki, Rusiya İrana əməliyyatlarda neçə drondan istifadə olunmalı və hansı hündürlükdən zərbələr endirilməli olduğu barədə taktiki məlumatlar verib.
Rusiyanın Yaxın Şərqdəki ABŞ hərbi qüvvələrinin koordinatları ilə bağlı İrana kəşfiyyat məlumatları verdiyi də iddia edilir. İki ölkə arasında əməkdaşlığın son zamanlar dərinləşdiyi və Rusiyanın İrana birbaşa peyk görüntüləri verdiyi deyilir. Rusiyadan gələn bu kəşfiyyat məlumatlarının İranın bölgədəki ABŞ radar sistemlərinə son hücumlarında həlledici rol oynadığı güman edilir.
İranın raket hücumları başlamazdan əvvəl radar sistemlərini sıradan çıxarmaq üçün dronlardan istifadə strategiyasının Rusiyanın Ukraynada istifadə etdiyi metodlara çox bənzədiyi deyilir. Bu taktikanın İranın ABŞ və Körfəz ölkələrinə aid hərbi hədəflərə hücumlarının uğur nisbətini artırdığı vurğulanır.
Rusiyanın bu hərəkətlərlə İranın ABŞ və İsrailə qarşı müqavimətini artırmağı hədəflədiyi, bu münaqişənin Rusiyaya hərbi və iqtisadi üstünlüklər qazandırdığı və Moskva administrasiyasının hazırki gərginliyi qoruyub saxlamaq istədiyi bildirilir. Digər tərər tərəfdən, Rusiyanın bütün bu addımları bölgədəki Amerika hərbi mövcudluğuna qarşı hücumların dəqiqliyini artırır.
Moskvanın hazırki strategiyası ekspertlər tərəfindən Vaşinqtonun qlobal təsirini zəiflətməyə yönəlmiş strateji "əks addım" kimi qiymətləndirilir.
Tahir TAĞIYEV