Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın adada konstitusiya quruluşunu devirmək üçün təhdidlərini artırdığını bildirib və 60 ildən artıqdır tətbiq edilən iqtisadi məhdudiyyətlərin bir müharibə vasitəsi olduğunu vurğulayıb.
Qeyd olunur ki, ABŞ adada konstitusiya quruluşunu zorla devirmək üçün təhdidləri hər gün bir az daha artırır: "ABŞ 60 ildən artıqdır ki, birbaşa özünün hədəf aldığı və təcrid etməyə çalışdığı zəifləmiş iqtisadiyyatımızın yaratdığı ağır məhdudiyytləri bəhanə edir. Ölkənin resurslarını, əmlakını və iqtisadiyyatını ələ keçirmək üçün planlar hazırlayır və bunu açıq şəkildə bəyan edir"
Açıqlamada ABŞ-ın Kuba xalqını kollektiv şəkildə cəzalandırdığı iddia edilir: "Bu amansız iqtisadi müharibə yalnız bu niyyətlə izah edilə bilər. Ən pis ssenari qarşısında Kuba tək bir reallıqla hərəkət edir: istənilən xarici təcavüzkar sarsılmaz müqavimətlə qarşılaşacaq".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 30 yanvarda Kubaya neft satan və ya təchiz edən ölkələrin bütün mallarına tarif tətbiq edən bir sərəncam imzalayıb. Ağ Ev iddia edir ki, bu qərar ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasət maraqlarını Kubanın "zərərli hərəkətləri və siyasətlərinə" qarşı qorumaq məqsədi daşıyır.
Fevralın 1-də isə Tramp Kuba hökuməti ilə neft tədarükünün tənzimlənməsi ilə bağlı danışıqların başladığını elan edib, Kuba isə bu iddianı təkzib edib.
Tahir TAĞIYEV