İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naini, İranın ölkənin dəniz gücünü məhv etdiyini iddia edən ABŞ prezidenti Donald Trampa meydan oxuyub.
Naini Hörmüz boğazının tamamilə İranın nəzarəti altında olduğunu bildirib: "Bölgəyə hakim olduqlarını və İranın dəniz gücünü məhv etdiyini iddia edən düşmənin cəsarəti varsa, hərbi gəmilərini bu əraziyə yaxınlaşdırsın. Əvvəllər Hörmüz boğazına nəzarət edəcəklərini və müharibə dövründə enerji təhlükəsizliyini təmin edəcəklərini deyirdilər, amma indi səhnədən geri çəkiliblər".
Naini bildirib ki, İran ordusunun və İnqilab Keşikçilərinin qanadlı raketlərinin Oman körfəzi sahillərində təxminən 300-400 mil məsafədə yerləşən ABŞ hərbi gəmilərinə hücumlarından sonra bu gəmilər ərazidən uzaqlaşıb.
Trampın İranın dəniz gücünü məhv etdikləri barədə açıqlamasına yenidən toxunan Naini deyib: "Tramp İranın dəniz gücünü məhv etdiyini demirmi? Onda cəsarəti varsa, gəmilərini Fars körfəzinə göndərsin".
Naini müharibənin sonunun düşmənin İranın hərbi və sosial çəkindirmə tədbirlərini qəbul etməsindən asılı olduğunu bildirib: "Bu çərşənbə günü düşmən üçün dağıdıcı bir çərşənbə olacaq. Məqsədimiz təcavüzkarı cəzalandırmaq və düşmənə qarşı ağır və dağıdıcı hücumlarımızı davam etdirməkdir".
Tahir TAĞIYEV