ABŞ-İsrail və İran arasındakı gərginlik qonşu ölkələri də münaqişəyə çəkməkdə davam edir. Ən son olaraq, Küveytdəki italyan əsgərlərinin yerləşdiyi bazaya pilotsuz təyyarə ilə hücum edilib.
İtaliya Baş Qərargah rəisi general Luciano Portolano bildirib ki, pilotsuz təyyarə hücumu Küveytdəki italyan və ABŞ əsgərlərinin yerləşdiyi Ali Al Salem bazasına yönəlib.
Portolano bildirib ki, İtaliya Hava Qüvvələrinə məxsus bir pilotsuz təyyarənin olduğu bunker vurulub və dron məhv edilib. O, əlavə edib ki, ölən və ya yaralanan olmayıb.
"Regionda dəyişən təhlükəsizlik vəziyyətinə uyğun olaraq ehtiyat tədbiri kimi, son günlərdə İtaliya Hava Qüvvələrinin sayı azaldılıb. Bazada qalan personala həyati əhəmiyyətli əməliyyatlar aparmaq tapşırılıb" – deyə Portolano bildirib.
Tahir TAĞIYEV