Ağ Evdən İranla müharibə ilə bağlı fərqli səslər gəlməyə başlayıb. ABŞ mənbələrinə görə, Ağ Ev daxilindəki müşavirlər arasında müharibənin gedişatı ilə bağlı ciddi fikir ayrılıqları var.
Ağ Evin aparat rəhbəri Syuzi Uaylz və onun müavini Ceyms Blera da daxil olmaqla siyasi müşavirlər Trampa "qələbə anlayışını daraltmağı" və əməliyyatın məhdud olduğunu, sona yaxınlaşa biləcəyini vurğulamağı məsləhət görüblər.
Trampın kriptovalyuta və süni intellekt üzrə müşaviri Devid Saks isə müharibəyə son qoymağın vaxtının çatdığını deyib. Britaniya xəbər agentliyi “Reuters”in məlumatına görə, Saks, indi qələbə elan edib müharibədən çəkilmək üçün doğru zaman olduğunu deyib. Saks ABŞ-ın İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib: "İndi çıxış yolu tapmağa çalışmalıyıq."
Gərginliyin daha da artması müsbət nəticə verməzsə, gərginliyin azaldılması yollarının nəzərdən keçirilməsi gərəkdiyini deyən Saks, bunun atəşkəs razılaşması və ya İranla danışıqlar yolu ilə ola biləcəyini irəli sürüb.
Bütün bunların əksinə olaraq, bəzi "qırğı" fraksiya nümayəndələrinin isə İrana qarşı hücumların davam etdirilməsini tələb etdiyi bildirilir.
ABŞ və İsraildən bəzi mənbələr müharibənin ən azı üç həftə davam edə biləcəyini irəli sürsə də, beynəlxalq ictimaiyyətdə münaqişənin regional və qlobal nəticələri ilə bağlı narahatlıqlar artır.
Tahir TAĞIYEV