Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Kremli Avropanın Ukrayna məsələsi ilə bağlı sülh danışıqlarında iştirak etmək istədiyinə inandırmağa çalışan Fransa nümayəndələrini kobud şəkildə rədd edib.
Bu barədə məlumat yayan Britaniya nəşri “Financial Times” yazır ki, Fransa prezidentinin müşavirləri Emmanuel Boni və Bertrand Buxvalter fevral ayında Putinin köməkçisi Yuri Uşakovla görüşmək üçün Moskvaya gəliblər.
Nəşrin məlumatına görə, onlar Kremli Avropanın Ukrayna məsələsi ilə bağlı danışıqlar masasında iştirak etmək istədiyinə inandırmağa çalışıblar.
Medianın yazdığına görə, Uşakov bu tələbə kobud şəkildə cavab verib.
“Bağışlayın, amma yox, gedin…”, – Rusiya prezidenti köməkçisinin cavabı belə olub.
Kremlin sözçüsü Peskov isə avropalıların sülh prosesini təşviq etməkdə maraqlı olmadığını və Fransa nümayəndəsinin Moskvaya heç bir müsbət mesaj gətirmədiyini söyləyib. Kreml sözçüsünün dediyinə görə, avropalılar ukraynalıları müharibəni davam etdirməyə inandırmaq üçün səy göstərirlər. Onun dediyinə görə, Rusiya müharibədə qalib gəlir və cəbhədəki dinamika Rusiya ordusu üçün müsbətdir.
Tahir TAĞIYEV