Qara dənizin Novorossiysk sahillərində Yunanıstan bayrağı altında üzən "MARAN HOMER" neft tankerinə hücum edilib. Qazaxıstan neftini yükləmək üçün növbədə gözləyən nəhəng tanker naməlum dronlar tərəfindən hədəfə alınıb.
Qeyd “Chevron” tərəfindən icarəyə götürülmüş və Salonikidən yola düşən boş tanker Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalına daxil olmaq əmrini gözləyərkən vurulub. Hücum nəticəsində gəminin sağ cinahına və göyərtə avadanlıqlarına ziyan dəyib. 24 heyət üzvü arasında heç kim xəsarət almayıb.
Yunanıstanın dənizçilik naziri Vasilis Kikilias hücumun Rusiya neftinə qoyulan məhdudiyyətlər və bölgədəki yeni geosiyasi qərarlarla əlaqəli ola biləcəyinə işarə edib.
Yunanıstan dənizçilərinin və şirkətlərinin yalnız beynəlxalq ticarəti davam etdirməyə çalışdıqlarını bildirən nazir, məsələni Avropa Şurası səviyyəsində qaldıracaqlarını deyib.
Tankerin operatoru olan Maran Tankers Management şirkəti, gəminin Rusiya ərazi sularından kənarda hədəfə alındığını açıqlayıb. Şirkət mənbələri son zamanlar gəmilərə və heyətə qarşı "fərq qoymadan" hücumların artdığını bildiriblər.
Hücumdan sonra gəmi təhlükəsizlik səbəbilə dərhal Novorossiysk bölgəsindən uzaqlaşıb.
Tahir TAĞIYEV