Ağ Evin Oval Ofisində Donald Trampın İspaniyaya qarşı sərt sanksiya təhdidlərinə qarşı səssiz qalan Almaniya kansleri Fridrix Merz indi Avropa siyasətinin əsas hədəfinə çevrilib. Trampın İspaniya hökumətini birbaşa hədəf alan təhqirləri və ticarət əlaqələrini kəsməklə bağlı təhdidləri Avropa Birliyi daxilində "sədaqət"lə bağlı müzakirələrə səbəb olub.
İspaniya Baş nazirinin müavini Yolanda Diaz, Trampın bu təhdidləri edərkən yanında dayanan, lakin səssiz qalan Almaniya kansleri Merzə sərt reaksiya verib. İspaniyanın onu "lider deyil, Trampın vassalı" adlandırıb.
Diaz, Merzin belə tarixi anları idarə etmək qabiliyyətinin olmadığını bildirib. "Bu gün Avropanın ehtiyac duyduğu şey Trampa baş əyən vassallar deyil, əsl liderlikdir" deyən Diaz Berlini sərt tənqid edib.
Kansler Merzin yanında Tramp, ABŞ hərbi təyyarələrinin İrana hücumlar üçün İspaniya bazalarından istifadə etməsinə icazə vermədiyinə görə Madridə sanksiyalar tətbiq edilə biləcəyini söyləmişdi.
Merzin sözçüsü Stefan Kornelius iki ölkə arasında heç bir gərginliyin olmadığını və Merzin İspaniya Baş naziri Pedro Sançezlə iki dəfə əlaqə saxlamağa çalışdığını bildirib: "Vaşinqtona səfərindən sonra Merz İspaniya Baş naziri Pedro Sançezə iki dəfə zəng etdi, lakin onunla əlaqə saxlaya bilmədi. Merz hətta Sançez üçün səsli mesaj da göndərib. O, cavab gözləyir", - deyə o bildirib.
Lakin Sançezin təhlükəsizlik səbəbi ilə telefon nömrəsini vaxtaşırı dəyişdirməsi iki lider arasında ünsiyyətin pozulmasına səbəb olub.
İspaniya hökuməti Almaniyaya cavab olaraq bildirib ki, "Zəngin uğursuz olmasının səbəbi təhlükəsizlik səbəbi ilə dəyişdirilmiş köhnə telefon nömrəsinin istifadə edilməsidir. Merz yenidən cəhd edə bilər".
İspaniya xarici işlər naziri Xose Luis Albares Merzin uğursuzluğunu tənqid edərək, ona keçmiş baş nazirlər Angela Merkel və ya Olaf Şoltsun oxşar vəziyyətdə susmadıqlarını xatırladıb.
Bu arada, Diaz Almaniyanın Trampa dəstəyini Avropanın ABŞ-dan iqtisadi asılılığı ilə əlaqələndirib. Avropanın strateji müstəqilliyə ehtiyacı olduğunu bildirən Diaz, qitənin öz sənayesini gücləndirməli olduğunu deyib: "ABŞ və Pekindən texnoloji, maliyyə və enerji asılılığımızı azaltmalıyıq. Öz gücümüz olmalıyıq".
TAHİR