ABŞ Prezidenti Donald Tramp Avstraliya Baş naziri Entoni Albaneseni hazırda Avstraliyada olan İran Qadın Milli Futbol Komandasına sığınacaq verməyə çağırıb.
Prezident Tramp özünün “Truth Social” hesabındakı paylaşımda bildirib ki, Avstraliya İran Qadın Milli Futbol Komandasının İrana geri göndərilməsinə icazə verməklə dəhşətli humanitar səhv edir və orada onlar çox güman ki, öldürüləcəklər ".
O, Baş nazir Albaneseni komandanı geri göndərməməyə çağıraraq deyib: "Cənab Baş nazir, onlara sığınacaq verin. Əgər verməsəniz, ABŞ onları qəbul edəcək".
Xatırladaq ki, Avstraliyada keçirilən Qadınlar arasında Asiya Kubokunda iştirak edən İran Qadınlar Milli Futbol Komandası matçdan əvvəl İranın dövlət himni səsləndirilərkən susub və bu, İranda qəzəbə səbəb olub.
İkinci və üçüncü matçlarında dövlət himnlərini oxuyan İranın qadın futbolçuları son oyunlarından sonra hakimiyyət orqanlarından təhlükəsizliklərini təmin etmələrini istəyib. Bildirilib ki, sığınacaq istəyən beş oyunçu komandadan ayrılaraq polis tərəfindən təhlükəsiz bir yerə aparılıb.
Onu da qeyd edək ki, Tramp 2025-ci ilin dekabr ayında iranlıların ABŞ-a səyahətini qadağan edən bir sərəncam imzalayıb.
TAHİR