Rusiyanın Londondakı səfiri Andrey Kelin Rusiyanın İrana hücumlarla bağlı neytral olmadığını İranı dəstəklədiyini deyib.
Britaniyanın “Sky News” kanalına verdiyi müsahibədə səfir Kelin Rusiyanın Ukraynaya hücumu ilə ABŞ və İsrailin İrana hücumlarının fərqli olduğunu iddia edib.
Kelin ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumun qanunsuz və səbəbsiz olduğunu bildirib: "Heç bir izahatı, dəqiq hədəfi, planı, çıxış strategiyası yoxdur. Avropa və Rusiya nə baş verdiyini başa düşmürlər. Hücumlar ABŞ və İran arasında nüvə məsələləri ilə bağlı kritik danışıqların ortasında baş verdi. Onlar razılaşmaq üzrə idilər. ABŞ danışıqları dayandırıb hücum etmək qərarına gəldi".
Kelin Rusiyanın tamamilə İranın tərəfində olduğunu vurğulayıb: "Bu məqamda İran bizdən kömək istəməyib, amma biz yalnız İranı dəstəkləmirik, həm də Körfəzdəki digər ölkələri dəstəkləyirik".
Kelin, hücumları başladan ABŞ və İsrailin tənqid olunmadığı halda, İranın hər şeydə günahlandırılmasının ədalətsiz olduğunu qeyd edib.
Tahir TAĞIYEV