İran Birləşmiş Ərəb Əmirliklərindəki Fransa hərbi bazasını vurub. Bazaya hücumundan sonra Avropada gərginlik artıb. Əbu-Dabidəki Fransa bazasına hücumun ardından Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik şurasını iki gün ərzində ikinci dəfə çağırıb.
Parisdə təhlükəsizlik şurasının iclasından sonra çıxış edən Makron Fransanın bölgədəki hərbi mövqeyini gücləndirəcəyini açıqlayıb: "Yaxın Şərqdə Fransa vətəndaşlarını və hərbi aktivlərini qorumaq üçün yeni addımlar atacağıq".
Makron İranın raket və pilotsuz təyyarə hücumlarının "tamamilə qeyri-mütənasib və ayrı-seçkiliksiz" olduğunu bildirib.
O, həmçinin Birləşmiş Ərəb Əmirliklərindəki Əbu-Dabi limanına bitişik Fransa bazasındakı bir anqarın dron hücumunda vurulduğunu təsdiqləyib: "Zərər tamamilə maddi və məhduddur. Xəsarət alan olmayıb".
ABŞ-İsrail və İran arasında baş verən qarşıdurmalardan sonra Makron Fransanın müdafiə sazişləri olan ölkələrlə birlikdə bölgədəki hərbi mövcudluğunu gücləndirəcəyini deyib.
Fransa mediası, bu hadisələrdən sonra Makronun "Şarl de Qoll" təyyarədaşıyan gəmisini və onu müşayiət edən dəniz qrupunu Baltik dənizindən Şərqi Aralıq dənizinə göndərmək qərarı verdiyini bildirir.
TAHİR