Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirliyini bağladığını və bütün diplomatik heyətini geri çağırdığını açıqlayıb. Bu qərar Tehranın BƏƏ-yə qarşı raket və pilotsuz təyyarə hücumlarına və nəticədə artan təhlükəsizlik risklərinə cavab olaraq verilib.
BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında Tehrandakı səfirin və missiya heyətinin təhlükəsizliyinin prioritet olduğu vurğulanaraq, İranın hücumlarının mülki əraziləri hədəf aldığı və milli suverenliyi pozduğu qeyd edilib. Nazirlik hücumların beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğuna diqqət çəkib.
Bəyanatda həmçinin diplomatların geri çağırılmasının BƏƏ-nin "dövlət təhlükəsizliyinə və suverenliyinə təhdidləri rədd etmək əzmini" nümayiş etdirdiyi bildirilib. Nazirlik qeyd edib ki, İranın təxribatçı davranışı gərginliyi artırır və regionda təhlükəsizliyi təhlükə altına qoyur.
Bu arada, BƏƏ İranın cavab hücumları və Körfəzdə artan iqtisadi qeyri-müəyyənlik səbəbindən bazar ertəsi və çərşənbə axşamı günləri fond birjalarını bağlamaq qərarına gəlib. Məlumata görə, qərar regiondakı hadisələrin iqtisadi nəticələrini məhdudlaşdırmaq məqsədi daşıyır.
TAHİR