ABŞ və İsrail qüvvələri dünən səhər İrana hücuma başlayandan sonra İranın bir çox şəhəri vuruldu. İran ABŞ bazalarının yerləşdiyi bir neçə Yaxın Şərq ölkəsinə zərbə endirməklə cavab versə də, böyük itkilərdən də qaça bilmədi. ABŞ prezidenti Tramp İranın Ali Lideri Xameneyinin öldürüldüyünü elan edib. Sonradan İran da xəbəri təsdiqləyib və qisas alacağına söz verib.
Hər fürsətdə ABŞ və İsrailə meydan oxuyan İran, 1989-cu ildən bəri Ali Lideri vəzifəsini tutan Xameneyi ilə yanaşı, bir çox əsas şəxslərini də itirib.
Bu səhər İran hökuməti Xameneyi ilə yanaşı digər əsas şəxslərdən bəzilərinin ölümünü elan edib. Bunlardan ən diqqətçəkəni Baş Qərargah rəisi Əbdürrəhim Musəvi olub. ABŞ hücumlarında həlak olan digər şəxs İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı Məhəmməd Pakpurdur.
"Müdafiə Şurasının iclası zamanı Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Pakpur, Müdafiə Şurasının baş katibi Əli Şamxani və Silahlı Qüvvələrin Lojistik Dəstək rəhbəri Əziz Nəsirzadə ABŞ-İsrail hücumlarında həlak olublar" - deyə İran Silahlı Qüvvələrinin yazılı açıqlamasında deyilir.
Həmçinin Polis Komandanlığı Kəşfiyyat İdarəsinin rəisi Qulamrza Rizayanın da həlak olanlar arasında olduğu məlum olub.
Hücumlarda həlak olan digər komandirlərin adları daha sonra açıqlanacaq.
TAHİR