Ağ Ev ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlanan hücumları izlədiyi görüntüləri yayımlayıb. Görüntülərdə Tramp və komandasının Mar-a-Laqo malikanəsində əməliyyat otağından hücumları izlədiyi görünür.
Prezident Tramp sosial mediada verdiyi açıqlamada İran dini lideri Xameneyinin öldüyünü deyib.
İsrailin 12-ci Kanal televiziyası da İsrail rəsmisinə istinadən Xameneyinin öldüyünü iddia edib. Xəbərdə iddia edilir ki, İsrail rəsmisi İran liderinin İsrail sui-qəsdində öldüyünü təsdiqləyib və Xameneyinin cəsədinin dağıntılar altından qəlpə yaraları ilə çıxarıldığı qeyd edilir. Xameneyinin cəsədinin fotoşəkillərinin Netanyahuya və təhlükəsizlik rəsmilərinə də göstərildiyi iddia edilir.
Ancaq bu iddiaların ardından İran dini lideri Xameneyinin sosial media hesabından bir paylaşım edilib. Paylaşımda həzrət Əlinin (əleyhissalam) digər adı da keçən və İsrailə mesaj verən bir beyt yer alıb. Paylaşımda deyilir:
"Heydərin (əleyhissalam) uca adı ilə,
O millətin fironuna deyin; (Musanın ordusu kimi) onlar Nil çayına doğru gəlirlər, Əli isə Zülfüqarı ilə İsrailə doğru gəlir".
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kövsəri də Ali Rəhbər Ayətullah Əli Xameneyinin sağ olduğunu bildirib: "Etibarlı məlumata görə, Ali Rəhbərin səhhəti çox yaxşıdır və o, vəziyyəti şəxsən idarə edir. İctimaiyyət yalançı media orqanlarının yaydığı şayiələrə inanmamalıdır. Onlar terror cəhdlərində uğursuz olduqları və məqsədlərinə çatmadıqları üçün bu cür şayiələri yaymağa çalışırlar. Amma bilməlidirlər ki, heç vaxt məqsədlərinə çata bilməyəcəklər".
TAHİR