Əfqanıstan və Pakistan arasındakı gərginlik yenidən müharibəyə çevrilib. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanın son hücumlarına cavab olaraq iki ölkə arasında sərhəd hesab edilən Durand xətti boyunca Pakistan hərbi obyektlərinə qarşı hərtərəfli əməliyyatların başlandığını açıqlayıb.
Pakistan Müdafiə Nazirliyi isə gərginliyin qəfil artmasından sonra Əfqanıstana müharibə elan etdiyini bəyan edib. Nazirliyin 133 Taliban üzvünün öldürüldüyünü açıqladığı məlumatda daha sonra bildirilir: "Səbrimiz tükənib. Əfqanıstanla açıq müharibəyə başladıq".
Pakistan və Əfqanıstan arasında sərhəd hesab edilən Durand Xətti boyunca qarşılıqlı hücumlar davam edir. Pakistanın İnformasiya Naziri Attaullah Tarar, Kabil, Paktiya və Qəndəhardakı bəzi hədəflərin vurulduğunu və ölənlərin sayının arta biləcəyini bildirib.
Tarar, əməliyyatlarda 27 mövqenin məhv edildiyini və 9 nöqtənin ələ keçirildiyini iddia edərək, iki korpus və üç briqada qərargahı da daxil olmaqla bir çox mövqenin, eləcə də 80-dən çox nəqliyyat vasitəsinin və silahın məhv edildiyini qeyd edib.
Qeyd edək ki, Pakistanın İnformasiya Nazirliyi ölkədə baş verən son bomba hücumlarından sonra Əfqanıstanla sərhəd boyunca "terror düşərgələri" adlandırdığı yeddi yerin hədəfə alındığını açıqlayıb. Məhz bundan sonra ölkələr arasında gərginlik artıb.
Tahir TAĞIYEV