Moskvadan gələn son açıqlamalar beynəlxalq ictimaiyyətdə gərginliyi daha da artırır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında verdiyi açıqlamada Britaniya və Fransanın Ukraynaya nüvə bombaları vermə ehtimalını şərh edib.
Medvedev müharibə aparan ölkəyə nüvə silahı verməyin vəziyyəti kökündən dəyişdirəcəyinə işarə edərək hər iki ölkəni hədələyib: "Bu, birbaşa dünya müharibəsinə aparan yoldur. Bu cür hərəkətlərin nəticələri məlumdur, lakin buna baxmayaraq bu cür oyunlar hələ də oynanılır.
Əgər belə bir şey baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı qeyri-strateji nüvə silahları da daxil olmaqla bütün növ silahlardan istifadə etmək məcburiyyətində qalacaq. Lazım gələrsə, nüvə silahları Rusiya ilə nüvə müharibəsində iştirak edən təchizatçı ölkələrə qarşı da istifadə ediləcək. Buna şübhə olmamalıdır. Rusiyanın bu şəkildə cavab vermək hüququ var".
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Britaniya və Fransanın gizli şəkildə Ukraynaya nüvə bombası verməyi planlaşdırdığını iddia edib. Kremlin sözçüsü Dmitri Peskov da jurnalistlərə bunun son dərəcə təhlükəli olduğunu və Ukrayna böhranının həlli prosesində bu məsələni nəzərə alacaqlarını bildirib.
TAHİR