Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Britaniya və Fransanın Ukraynaya gizli şəkildə TN75 tipli kiçik nüvə başlıqları verməyi müzakirə etdiyini iddia edir.
Qeyd olunur ki, London və Paris gizli şəkildə Kiyevə M51.1 sualtı qayıqlarında istifadə edilən TN75 tipli kiçik nüvə başlıqları tədarük etmək imkanını nəzərdən keçirirlər. SVR-in paylaşdığı məlumata görə, diqqət nüvə sahəsində Avropa istehsalı olan komponentlərin, avadanlıqların və texnologiyaların gizli şəkildə Ukraynaya ötürülməsinə yönəlib.
SVR iddia edib ki, London və Paris planın beynəlxalq hüququ poza biləcəyini və qlobal nüvə silahlarının yayılmaması sistemini sarsıda biləcəyini bilirlər. Buna görə, Kiyevin nüvə imkanlarına öz səyləri ilə nail olduğu təəssüratı yaratmağa cəhd edirlər. Almaniyanın isə bu prosesdə iştirak etməkdən imtina etdiyi qeyd olunur.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna danışıqlarında London və Parisin Kiyevə nüvə silahları tədarük etmək planlarını nəzərə alacağıq. O, növbəti danışıqlar mərhələsinin tarixinin hələ dəqiqləşdirilmədiyini əlavə edib.
Peskov Rusiyanın münaqişənin başlanğıcından bəri siyasi və diplomatik həll yoluna ümidini itirmədiyini bildirib və əlavə edib ki, Rusiya üçün potensial təhlükə yarada biləcək çoxsaylı elementlər var, lakin platformanın rəhbərliyi Moskva ilə əməkdaşlıq etmir.
TAHİR