Meksika ölkənin ən böyük cinayətkar təşkilatlarından biri olan Xalisko Yeni Nəsil Kartelinə (XYNQ) böyük zərbə vurub. XYNQ lideri və dünyanın ən çox axtarışda narkotik qaçaqmalçılarından biri olan "El Menço" kimi tanınan Nemesio Oseguera hərbi əməliyyat zamanı öldürülüb.
Meksika mediası El Mençonun Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyatda zərərsizləşdirildiyini bildirib.
Meksika Müdafiə Nazirliyi “El Menço”nun Xalisko ştatının Tapalpa şəhərində yüksək dəqiqlikli hərbi əməliyyat zamanı öldürüldüyünü təsdiqləyib: "Əməliyyatın məqsədi “El Menço”nu sağ tutmaq idi, lakin o, atışmada ağır yaralanıb və hava yolu ilə Mexiko şəhərinə aparılarkən ölüb. Rəsmi şəxsiyyətin müəyyən edilməsi üçün autopsiya və məhkəmə-tibbi ekspertizası aparılacaq".
Əməliyyatdan sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Qruplaşma üzvləri bir çox obyekt və nəqliyyat vasitələrini yandırıblar.
Xynisko ştatının qubernatoru Pablo Lemus Navarro sakinləri "vəziyyət nəzarət altına alınana qədər evdə qalmağa" çağırıb, ictimai nəqliyyat xidmətlərini dayandırıb və ölkənin ən azı beş bölgəsində yayılan "zorakı hadisələr" səbəbindən ştat yollarında səyahət etməmək barədə xəbərdarlıq edib.
Ölkənin bir çox ştatında geniş yayılmış zorakılıqlar artmaqda davam edir.
Meksika Prezidenti Klaudiya Şeynbaum, “El Menço”nun öldürülməsinin ardından baş verən zorakılıqdan sonra sakitliyə çağırıb.
Kartel lideri “El Menço”, narkotik kartelini idarə etmək ittihamı ilə ABŞ Ədliyyə Nazirliyi tərəfindən axtarışa verilib. ABŞ XYNQ kartelini terror təşkilatı elan edib və “El Menço”nun tutulmasına səbəb olan məlumata görə 15 milyon dollar mükafat təyin edib.
TAHİR