Polşa ordusunun Baş Qərargah rəisi general Veslav Kukula Çin istehsalı olan nəqliyyat vasitələrinin mühafizə olunan hərbi obyektlərə daxil olmasını qadağan etmək qərarına gəlib.
RAP agentliyinin yaydığı məlumata görə, bu qadağa, digər məsələlərlə yanaşı, həmin nəqliyyat vasitələri tərəfindən toplanan məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindəndir.
Qadağanı fevralın 17-də Polşa ordusu Baş Qərargahının mətbuat katibi polkovnik Marek Petrjak elan edib. “Nəqliyyat vasitələrinə rəqəmsal sistemlərin artan inteqrasiyası və bu sistemlər tərəfindən məlumatların nəzarətsiz toplanması və istifadəsi potensialı ilə bağlı risklərin təhlili nəticəsində Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çin Xalq Respublikasında istehsal olunmuş nəqliyyat vasitələrinin mühafizə altında olan hərbi obyektlərə daxil olmasını qadağan etmək qərarına gəlib”, - deyə mətbuat katibi açıqlamasında bildirib.
Polşa ordusu Baş Qərargahının əmri ilə tətbiq edilən məhdudiyyətlər xəstəxanalar kimi ictimaiyyət üçün açıq olan hərbi obyektlərə və ya orduya, habelə digər xidmətlərə, məsələn, bölmənin ərazisində xilasetmə əməliyyatlarında iştirak edənlərə məxsus nəqliyyat vasitələrinə şamil edilməyəcək.
İRADƏ