Deutsche Welle (DW)-nin Türkiyə müxbiri Alican Uludağ Ankarada "prezident Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə təhqir etmək" və X sosial media platformasında "açıq şəkildə yanlış məlumat yaymaq" ittihamları ilə saxlanılıb. İstanbul Respublika Prokurorluğu bu barədə 19 fevral cümə axşamı günü açıqlama verib.
İttihamlar təxminən il yarım əvvəl X sosial media platformasında yayımlanan paylaşımla bağlıdır. Yazıda müxbir Türkiyə hakimiyyətini, şübhəli İŞİD yaraqlılarını azad etməkdə ittiham edib. Uludağ, həmçinin, Türkiyə hökumətini korrupsiyada suçlayıb.
Məsələyə münasibət bildirən DW Baş Direktoru Barbara Massing ittihamı əsassız adlandıraraq, "Alican Uludağ korrupsiyanı araşdıran, geniş əlaqələri olan və mühüm mənbələrə çıxışı olan tanınmış araşdırmaçı jurnalistdir", - deyib.
Sərhədsiz Reportyorlar (RSF) insan haqları təşkilatı isə həbsi nüfuzlu jurnalistlərə qarşı "məhkəmə repressiyasının bir hissəsi" adlandırıb.
Leyla QARAXANLI