Cenevrədə ABŞ və İran arasında keçirilən "nüvə danışıqları"ndan sonra müsbət mesajlar yenilənmiş təhdidlərlə əvəz olunur.
İranın Ali Lideri Əli Xameneinin rəsmi saytında ABŞ təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"u tabut kimi təsvir edən paylaşım edilib.
Paylaşımda təyyarədaşıyan gəmi dənizin dibində batmış tabut şəklində təsvir olunub, yuxarı hissəsində məzar daşı fiquru, uçuş göyərtəsi hissəsində isə ABŞ bayrağı var. Həmçinin gəmi üzərində parçalanmış qırıcı təyyarələrin qalıqları da var.
Fotonun aşağı sol küncündə Xameneinin son çıxışından bir sitat paylaşılıb: "ABŞ Prezidenti (Donald Tramp) daim deyir: "İrana doğru təyyarədaşıyan gəmi göndərdik". Qoy belə olsun. Təyyarə gəmisi, şübhəsiz ki, təhlükəli bir vasitədir, amma ondan daha da təhlükəlisi, həmin gəmini dənizin dibinə göndərə biləcək silahdır".
ABŞ-ın vitse-prezidenti C.D. Vens, Tehran administrasiyasının Vaşinqtonun qırmızı xətlərini qəbul etmək istəmədiyini vurğulayaraq, həm diplomatik, həm də hücum variantlarının masada olduğunu bildirib.
"Tramp iranlıların hələ qəbul etmədiyi və üzərində işləməyə hazır olmadığı bəzi qırmızı xətləri müəyyən etdi. Burada əsas məqsədimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır" – deyə Vens bildirib.
TAHİR