Çinin ABŞ-dakı səfirliyi Vaşinqtonun Çinin son illərdə partlayıcı nüvə sınaqları keçirdiyinə dair iddialarını rədd edib.
"Birləşmiş Ştatlar Çinin nüvə siyasətini təhrif edir və ləkələyir. Bu, nüvə hegemonluğuna nail olmaq və öz nüvə tərksilahı öhdəliklərindən yayınmaq məqsədi daşıyan siyasi manipulyasiyadır"- Səfirliyin sözçüsü Liu Pengyu bildirib.
TASS-ın məlumatına görə, o, ABŞ-ın iddialarının tamamilə əsassız olduğunu qeyd edib. "Çin bu cür rəvayətləri qətiyyətlə rədd edir"- o deyib.
Maraqlıdır ki, Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (CTBTO) da ABŞ administrasiyasının Çinin nüvə sınaqları ilə bağlı iddialarını təsdiqləmir.
"22 iyun 2020-ci il tarixində, UTC vaxtı ilə saat 09:18-də, CTBTO-nun Beynəlxalq Monitorinq Sistemi (IMS) bir-birindən 12 saniyəlik fasilə ilə iki çox zəif seysmik hadisə aşkar etdi... IMS hazırda partlayışın gücü 500 ton TNT-yə bərabər və ya ondan çox olarsa, nüvə sınaqları kimi qiymətləndirilə biləcək hadisələri müəyyən edə bilir. Bu hadisələrin hər ikisi əhəmiyyətli dərəcədə aşağı idi"- təşkilatın icraçı katibi Robert Floyd bildirib.
O əlavə edib ki, mövcud məlumatlar bu seysmik hadisələrin səbəbini qəti şəkildə müəyyən etməyə imkan vermir.
SAMİRƏ