"Böyük bir Amerika donanması artıq İrana yaxınlaşıb və indi vəziyyət elədir ki, Amerika prezidenti İran məsələsini həll edəcək. Netanyahu ABŞ vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaza səfərindən sonra Vaşinqtonda Trampı ziyarət edib. Vensin Cənubi Qafqazdan gətirdiyi məlumatları nəzərə alsaq, çox güman ki, ABŞ və müttəfiqlərinin İranla bağlı planları orada müəyyən ediləcək". Bu fikirlər Qafqaz üzrə rus ekspert Aleksandr Krılov tərəfindən səsləndirilib.
Politoloq hesab edir ki, ABŞ İranla həmsərhəd olan Ermənistan əraziləri ilə çox maraqlanır və bu ərazilərdən İrana qarşı planlaşdırılan əməliyyatda istifadə etmək niyyətindədir. Ekspert şübhələnir ki, Vensin danışıqları məhz bu barədə olub: “Əslində, regionun gələcəyi yaxın günlərdə və həftələrdə bəlli olacaq. Əgər İran həqiqətən də böyük bir müharibə ocağına çevrilərsə, onda hər hansı iqtisadi inkişaf planları, qitələrarası logistika (məsələn, TRIPP layihəsi), modul nüvə reaktorları və başqa bir şeydən söhbət gedə bilməz”.
İran böhranının nəticəsi və həlli ilə bağlı Krılov bir neçə ssenarinin mümkün olduğunu bildirir: “Keçən dəfə İran ərazisinin bombalanması amerikalıların indi təhdid etdiyi qədər sürətli deyildi. Lakin indi nəzərə almaq lazımdır ki, iranlılar artıq hazırdırlar və görünür, müqavimət mexanizmlərini tətbiq ediblər”. Ekspert həmçinin bombalamaların İrandakı etnik faktoru dəstəkləmək üçün reallaşcağını nəzərdə tutan bir ssenarini də nəzərdən keçirir: “Axı, amerikalılar və israillilər bu əməliyyatlara cəlb edə biləcəkləri bəluclar, kürdlər, ərəblər və bir çox başqa qruplar var. Xüsusilə, bir müddət mövcud olan və tez bir zamanda bərpa edilə bilən "Cənubi Azərbaycan Planı" xüsusi qeyd olunmağa layiqdir. Hər halda, belə bir ssenari hazırda heç bir şəkildə istisna edilmir, çünki bu, ilk növbədə amerikalılara, israillilərə və britaniyalılara fayda verə bilər. Quru əməliyyatı onlar üçün böyük itkilər demək olardı və onlar hər nəyin bahasına olursa olsun bundan qaçınırlar. Və belə bir ssenaridə onlar ən sevdikləri taktika olan proksi qüvvələr vasitəsilə döyüşəcəklər”.
Ramil QULİYEV