İsrailin Baş naziri Benyamin Netanyahu 11 fevralda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüşün əsas mövzusu İranla davam edən danışıqlar olacaq. Bu barədə Netanyahunun ofisindən bildirilib.
“Baş nazir hesab edir ki, hər hansı bir danışıqlar ballistik raketlərin məhdudlaşdırılmasını və İran oxunun dəstəyinin dayandırılmasını əhatə etməlidir”, – deyə Benyamin Netanyahunun ofisinin bəyanatında qeyd olunub.
Qeyd edək ki, fevralın 6-da İran və Amerika nümayəndələri Omanın paytaxtı Maskatda nüvə proqramı ilə bağlı danışıqlar keçiriblər. Danışıqlar dolayı şəkildə olub və Omanın vasitəçiliyi ilə keçirilib.
“Wall Street Journal” qəzetinin yazdığına görə, İranın xarici işlər naziri Abbas Əraqçi görüşdə amerikalı həmkarlarına Tehranın öz ərazisində uran zənginləşdirilməsinin dayandırılmasına razı olmayacağını bildirib.
Netanyahu ilə Tramp arasında planlaşdırılan görüş Trampın 2025-ci ilin yanvarında vəzifəyə qayıtmasından bu yana yeddinci görüş olacaq.
TAHİR