ABŞ vitse-prezidenti J.D. Vens cümə günü İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində izdihamın etirazları ilə üzləşib.
The New York Post xəbər verir ki, amerikalı idmançılar Milanın məşhur San Siro futbol stadionuna İdmançılar Paradına daxil olarkən alqışlarla qarşılanıblar. Lakin ardınca ABŞ vitse-prezidenti Vens xanımı ilə ABŞ bayraqları olan böyük bir lövhədə görüntüləndikdə etiraz səsləri ucalıb və mərasim iştirakçıları vitse-prezidenti fitə basıblar.
Xəbərdə deyilir ki, Vensin soyuq qarşılanması Beynəlxalq Olimpiya Komitəsinin rəhbərinin iştirakçıları təqdimat zamanı amerikalı idmançılara və yüksək vəzifəli şəxslərə hörmət göstərmələri barədə xəbərdar etməsindən sonra baş verib. "Ümid edirəm ki, açılış mərasimi hər kəs tərəfindən bir-birinə hörmət göstərmək üçün bir fürsət kimi qəbul ediləcək", - deyə BOK prezidenti Kirsti Koventri bu həftə amerikalılara yönəlmiş istehzaların mümkünlüyü barədə suala cavab olaraq bildirib.
Qeyd edək ki, ABŞ və Avropa ölkələri arasında münasibətlər Donald Trampın ikinci administrasiyası dövründə, qismən AB üzv dövlətlərinə tariflər və Vaşinqtonun Qrenlandiyanı almaqda israrlı olması səbəbindən gərginləşib. Milan meri Cüzeppe Sala bu ayın əvvəlində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin Oyunların təhlükəsizliyini təmin etmək üçün şəhərdə olmasını istəmədiyini elan edib. Bundan əlavə, italyanlar Vensin təxminən 300 təhlükəsizlik işçisi və onlarla nəqliyyat vasitəsindən ibarət karvanla İtaliyaya gəlişinə mənfi reaksiya verib. "Onlar Milanda xoş qarşılanmırlar. Trampa bir dəfə də olsun "yox" deyə bilmərikmi?" deyə mer bildirib.
SAMİRƏ